Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org "Reporta istinadən xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Səfərovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Bakı-Xocəsən yolunun 7-ci kilometrliyində baş verib. Xırdalan şəhər sakini A.Səfərov idarə etdiyi "Nissan X-Trail markalı, 90 SD 338 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 3 nəfəri vurub. Nəticədə piyadalardan 36 yaşlı Cavanşir Kirmirzəyev və 32 yaşlı Səbuhi Şahmarov dünyasını dəyişib. 36 yaşlı İsmayıl Hümbətov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Səfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.