Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 15-də Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüşüb.
Unikal.org xəbər verir ki, komitə sədri ilk növbədə Azərbaycan Prezidenti adından ictimaiyyət nümayəndələrini 15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə təbrik edib.
Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyev Fondu Bolnisi rayonuna yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili hədiyyə edib. Avtomobil bu gün rayon rəhbərliyinə təqdim olunub. Azərbaycanlıların Gürcüstan dövlətçiliyinin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndirib.
Sonra F.Muradov kənd əhalisinin qayğıları ilə maraqlanıb.
İctimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya, hədiyyəyə görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fondunun rəhbəliyinə minnətdarlıq ediblər.
Sonra ağsaqqallar, ziyalılar kəndlərdə içməli və suvarma suları, mədəniyyət obyektlərinin tikintisi, təhsil, səhiyyə və digər sahələr üzrə qayğılarından danışıblar.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.