Borc aldığı şəxsi bıçaqlayan Elxan Abdalov hakim qarşısına çıxarılıb. O, bir neçə ay əvvəl elə bu məhkəmədən azadlığa buraxılıbmış.
Unikal.org Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Elxan Abdalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Elxan Abdalov tanışı Emin Həsənovu aralarında yaranmış mübahisə sonrası bıçaqlayıb. Mübahisəyə səbəb borc pul olub. Belə ki, Elxan Abdalovun Emin Həsənova borcu olub. Uzun zaman keçsə də Abdalov pulu qaytarmayıb. Buna görə də onlar arasında bir neçə dəfə mübahisə olub. Sonuncu mübahisə isə qanlı bitib. Onlar Biləcəri qəsəbəsindəki parklardan birində görüşməyə razılaşıblar. Məqsəd borcu qaytarmaq yox, aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək olub. Bu zaman aralarındakı mübahisə gərginləşib. Elxan Abdalov üzərində olan bıçaqla Emin Həsənova 5 dəfə zərbə endirib. Həmin zərbələrdən üçü daxilə nüfuz edib. Bir bıçaq zərbəsi isə Emin Həsənovun ürək nahiyyəsinə dəyib.
Bu əməlinə görə Elxan Abdalova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Elan olunan ittiham üzrə Elxan Abdalov özünü qismən təqsirli bilinib. Deyib ki, bıçaqladığı şəxs ona psixoloji təsir edib və bu səbəbdən də onu vurub. Daha sona
Elxan Abdalov məhkəmənin indiki mərhələsində ifadə vermək istəmədiyini bildirib.
Məhkəmədə məlum olub ki, Elxan Abdalov cəmi bir neçə ay əvvəl azadlığa çıxıb. O daha əvvəl də adam bıçaqlayıbmış. Onun əvvəlki cinayət işinə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və barəsində şərti cəza təyin edilib. Abdalov məhkəmə zalından azadlığa çıxandan sonra yenə də adam bıçaqlayıb.
Məhkəmə prosesində zərərçəkmiş Emin Həsənov da ifadə verib. O, hadisənin ittiham aktında yazıldığı kimi baş verdiyini deyib.
"Təxminən 300-400 manat borc vermişdim. Amma qaytarmırdı. Dəfərlərlə bugün-sabah deyirdi. Məsələ pulda yox, verilən sözdə idi. Dəfələrlər belə oldu, məni aldadırdı. Biz bir-birimizi uzun müddətdir tanıyırıq. Yaxın münasibətimiz olub. Amma bu söhbətə görə aramızda müzakirə oldu. Ancaq orada bıçaq çıxarılası məsələ, söhbət yox idi"- deyə Emin Həsənov bildirib.
Zərərçəkmiş şəxs aralarında barışıq olduğunu deyib: "Mənsiz də işə baxa bilərsiz. Şikayətim və tələbim yoxdur. Borcumu da qaytarıb. Növbəti məhkəmə iclaslarında iştirak etmək istəmirəm".
Suallara cavab verən E.Həsənov söyləyib ki, Elxan Abdalovla görüşə gedən zaman yanında dostu da olub: "Dostum parkın yanında məni gözləyirdi. Mən də
Elxanla ara küçədə danışmağa keçdik. Heç kəsin görmədiyi yer idi. Elxan orda məni vurdu. Dostum məni taksi ilə xəstəxanaya çatdırdı. Elxan qaçmadı, o da mənə kömək elədi".
İş üzrə bir şahid var. O da Emin Həsənovun yanında olan dostudur. Şahid də ifadəsində hadisəninin baş vermə səbəbini yuxarıda qeyd edilən kimi danışıb.
Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib.
Növbəti məhkəmə iclası iyulun 3-də davam etdiriləcək.