Astarada qaçaqmal yolu ilə respublika ərazisinə gətirilən narkotik vasitələrin satışını həyata keçirən şəxs saxlanılıb.
Unikal.org-un məlumatına görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti əməliyyat tədbirləri nəticəsində rayonun Şahağacı kəndinin sakini Asim İmamverdiyev qaçaqmalçılıq yolu ilə əldə etdiyi narkotik vasitəni satarkən saxlanılıb və üzərindən 4 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Davam edən tədbirlərlə onun yaşadığı evə baxış keçirilib və ümumilikdən ondan12 bükümdə narkotik vasitə olan heroin(1,355 qram) və bir bükümdə külli miqdarda narkotik vasitə olan tiryək (52,355qram) aşkarlanaraq götürülüb. O, saxlanılarkən qardaşı Mühəndis İmamverdiyev polis əməkdaşlarına müqavimət göstərdiyi üçün tutulub.
Bundan başqa davam edən tədbirlərlə rayonun Rüdəkəran kənd sakini Rusif Hüseynov və əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmasına görə bir neçə dəfə məhkum olunmuş Astara şəhər sakini Əhliman Əliyev saxlanılıblar. Onların hər birinin üzərində 5 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.