Neftçala rayonunda müasir tipli avadanlıqlarla təchiz olunmuş Xıllı Nərə Balıqartırma zavodu beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.

Bu barədə unikal.org-a ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşı İsmayıl Yunusov bildirib.

O vurğulayıb ki, hazırda zavodın istehsalı hesabına ildə 5-6 milyon nərə balıq körpələri su hövzələrinə buraxılır: 

"Ümumilikdə, zavodda ildə 15 milyon balıq artırılması və su hövzələrinə buraxılması nəzərdə tutulur. Əvvəllər balıq artırılmasında törədicilər əldə etmək mümkün deyildi. Bunun üçün törədicilər dənizdə tutulan nərə balıqların hesabına götürülürdü. Hazırda isə müəssisədə süni yolla artırılan balıqların törədicilərindən əldə edilir. Bu gün həmin törədicilərin hesabına təbiətdən törədici götürülməsinə ehtiyac qalmayıb. Yaxın gələcəkdə zavodda istehsal olunan balıqlardan alınacaq törədicilər planın tam yerinə yetirilməsinə gətirib çıxaracaq.

Xatırladaq ki, prezident İlham Əliyevin iştirakı ilə Xıllı Nərə Balıqartırma zavodu 2003-ci ildə tikilib, istifadəyə verilib. Xəzər dənizinin bioloji resurslarının ehtiyatlarının idarə olunması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Milli Proqramı çərçivəsində Dünya Bankı tərəfindən maliyyələşdirən "təxirəsalınmaz ekoloji investisiyalar layihəsi əsasında nərəkimilərin ehtiyatlarının qorunub saxlanılması məqsədilə zavod tikilib. Müasir tipli avadanlıqlarla təchiz olunmuş Xıllı Nərə Balıqartırma zavodu əsasən nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur.

Famil Fərhadoğlu