Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gədəbəydə Şəmkir, Ağstafa, Gədəbəy, Qazax və Tovuz rayonlarının sakinlərini qəbul edib.
Komitədən unikal.org-a verilən məlumata görə, qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH başçısının vəzifəsini icra edən Qüdrət Paşayev Ümummilli Lider Heydər Əliyevin rayonda ucaldılan abidəsini ziyarət ediblər.
Gədəbəy rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.