Sumqayıt şəhərində yataqxanalarda və digər obyektlərdə ağır şəraitdə yaşayan 2900 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti işləri aparılır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, bu məqsədlə Abşeron rayonu ərazisindən Komitəyə ayrılmış 50,0 ha torpaq sahəsində, birinci mərhələdə, daha ağır şəraitdə yaşayan 1000 ailə üçün 24 ədəd 7 mərtəbəli binadan ibarət yaşayış kompleksi inşa edilir.
Kompleksə 792 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, ikimərtəbəli inzibati bina ( yerli icra strukturları, mənzil-istismar xidməti və s. üçün), həkim məntəqəsi, klub-icma mərkəzi və ATS binası da daxildir. Burada aparılan tikinti işlərinin 2018-ci ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulub.