Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 307 saylı tam orta məktəbdə şagirdlərdən zorla qanunsuz pullar yığılır.
Unikal.org xəbər verir ki, bu barədə redaksiyamıza şagirdlərin valideynləri məlumat veriblər.
Məlumatda bildirilir ki, məktəbdə şagirdlərdən müxtəlif vasitələrlə pul yığılır. Valideynlərin sözlərinə görə, məktəb direktoru Rövşən Qasımovun təkidi ilə şagirdlərə Fəxri Fərman və diplomlar satılır. Bu sənədlərin satışı isə məcburidir. Belə ki, hər sinif rəhbəri valideynləri yığaraq onların hər birindən 5 manat pul tələb edir. Əvəzində isə müəllimlər valideynlərə övladlarının adına yazılmış diplomlar satır.
Diplom guya ki, şagirdin orta məktəbdə özünü nümunəvi aparması, dərslərə davamiyyəti və yaxşı oxuması haqqında verilir. Şagirdlər deyirlər ki, bu cür diplomlar 1 ci sinifdən 11-ci sinfə qədər hər bir şagirdin adına yazılır. Diplom və ya təltifnamə hazır olan kimi sinif rəhbərlərinə təqdim edilir və hərəsinə görə müəllimdən 5 manat tələb olunur. Müəllimlər də həmin təltifnamələri şagirdlərə və onların valideynlərinə verməklə onlardan 5 manat tələb edir. Valideynlər bildirirlər ki, orta məktəbdə 86 sinif var. Hər ay hər sinifdən ən azı 15-20 şagirdə təltifnamə verilməlidir:
"Dəfələrlə müəllimlərə şikayət etsək də, şikayətlərimiz nəzərə alınmır. Müəllimlər deyirlər ki, diplomlar məcburidir. Hər ay 5 manat verib diplom alırıq.
Valideynlər bildirirlər ki, bununla bağlı məktəb direktoruna narazılıq etsələr də, direktor bu özbaşınalığa son qoymur. Çarəsiz qalan valideynlər bununla bağlı Təhsil Nazirliyinə müraciət ediblər.
Məsələ ilə bağlı 307 saylı məktəbin direktoru Rövşən Qasımovla əlaqə saxladıq. Direktor məktəbdə şagirdlərə təltifnamə verildiyini təsdiqləsə də, buna görə pul tələb olunduğunu inkar edir.
Famil Fərhadoğlu