"Azərbaycanın xarici borcunun artmasının üç əsas səbəbi var. Bunlar devalvasiya ilə bağlı xarici borcun ÜDM-ə nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və "Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı verilən dövlət zəmanətidir.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
S. Şərifov qeyd edib ki, Maliyyə Nazirliyi kifayət qədər ehtiyatlı borclanma siyasətinin həyata keçirilməsinin tərəfdarıdır:"Dövlət başçısı müvafiq göstərişlər verib ki, xarici borcumuz artmasın, əksinə azalsın. Qeyd edim ki, son iki il ərzində Azərbaycanda həyata keçirilən islahatlar makroiqtisadi vəziyyətin sabitləşməsinə, dayanıqlı büdcə siyasətinin aparılmasına münbit şərait yaradıb. Bunun hesabına sosial məsələlərin həlli mümkün olub. Etiraf etmək lazımdır ki, son iki-üç il Azərbaycan üçün çox ağır və sınaq illəri olub. Həmin illər ərzində etiraf edək ki, biz müəyyən xərclərə getməli idik. Maliyyə-bank sektorunda yaranmış problemlərin həlli üçün böyük məbləğdə vəsait xərclənib. Bizim borcumuz xarici valyutada götürülür. ÜDM isə 3 il bundan əvvəl manatla ifadə olunurdu, məzənnə də bəlli idi. Devalvasiyadan sonra bizim ÜDM dollarla ifadədə azalıb. Xarici bprcumuzun ÜDM-ə nisbəti iki dəfə artıb".
Nazir xarici borcun artmasının ikinci səbəbini də açıqlayıb: "Maliyyə-bank sektorunun sağlamlaşdırılması, xüsusilə də "Azərbaycan Beynəlxalq Bankı ASC-də olan maliyyə cinayətlərinin nəticəsində dövlətə gələn böyük zərbə ilə bağlıdır. Azərbaycan dövləti bankın əmanətçilərinin qorunması məqsədilə bankı xilas etmək qərarına gəlib. Nəticədə bankın heç bir əmanətçisinə zərər dəyməyib. Digər tərəfdən bankda xidmət olunan digər təşkilatlara da ziyan gəlməyib. Beynəlxalq Bank son vaxtlar ifrat dərəcədə yüksək faizlərlə borclanıb. Xarici kreditorlar da bu banka dövlətə məxsus bank kimi baxırdılar. Halbuki dövlətin bankdakı payı 50,2 faiz idi. Əslində səsvermə zamanı pay 66 faizdən yuxarı olmalıdır. Yəni, 50,2 faiz səs elə də böyük səs deyil. Buna baxmayaraq, beynəlxalq imici nəzərə alaraq həmin ərəfədə mühüm transmilli layihələrin keçirilməsi də nəzərə alınaraq, xüsusilə Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün biz borclanmaya getdik. Biz xarici kreditorlara qarşı tədbir görsəydik, bu bizim üçün acı nəticələnərdi. Dövlət xarici banklar qarşısında öhdəlikləri öz üzərinə götürdü. Bu günə qədər bankın kreditorlar qarşısında borcunu 20 faizə qədər azaltmışıq. Bu da uzun müddətli danışıqlar nəticəsində əldə edilib. Bir qrup kreditor var ki, bu məsələnin tənzimləməsi şərtləri ilə razı deyil. Lakin biz professional şirkətlərlə işləyirik. Həmin maliyyə sağlamlaşdırılması ilə bağlı 2,3 milyard dolları dövlət öz üzərinə götürüb. Təkcə bu tədbir hesabına bizim borcumuz 31 faiz artıb".
Samir Şərifov xarici dövlət borcunu artıran üçüncü səbəbin Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı olduğunu bildirib: "Bu layihə ilə bağlı "Cənub Qaz Dəhlizi şirkətinin 6 milyard dollarlıq borclanması yaranıb. Layihə ilə bağlı əsas risklər tikinti ilə bağlıdır. Kreditorlar düşünür ki, qaz alıcılara satıldıqda artıq daxilolmalar olacaq. Bunun hesabına xarici kreditorlar da arxayınlaşır ki, maliyyə axını olacaq. Buna görə xarici banklar tikinti müddətində zəmanət tələb edirlər. "Cənub Qaz Dəhlizi şirkətinin xüsusi yaradılmış şirkətdir ki, onun aktivkəri yoxdur. Məhz buna görə də xarici banklar da şərt qoyular ki, kredit ayrılarkən dövlət zəmanəti verilsin. Dövlət də zəmanəti o şərtlə verir ki, layihə ilə bağlı problem yaransa, dövlət müdaxilə edəcək və o pulları ödəyəcək. Biz dövlət borcunu ödəyərkən orta hesabla 10 faizə yaxın şərti öhdəlik yaradırıq. Bunu dövlət borcunun məcmu məbləği daxilində edirik. Buna görə də nəticədə 5 milyard dollarlıq borclanma varsa da, bu şirkət müqavilə imzalayır. Biz də əgər zəmanət sazişinə imza atırıqsa, borcumuzu 10 faiz artırırıq, - deyə S. Şərifov qeyd edib.