Son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunan əcnəbilər cəriməni ödədikdə Azərbaycana gəlmələri ilə bağlı qadağanın aradan qaldıldırılması təklif edilir.

Unikal.org  xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 16-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər) maddəsinə edilən yeni bəndə əsasən, bu məcəllənin 16.1.8-ci (Şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) maddəsində nəzərdə tutulan şəxslər cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onların Azərbaycana gəlməsi ilə bağlı qadağa götürülür.

Layihədə bildirilib ki, bu, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə edilir.

Dəyişiklik layihəsi Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar sonuncu plenar iclasında müzakirəyə çıxarılacaq.