Şirvan Apelyasiya Məhkəməsində ana və oğulu qətlə yetirən şəxsin apelyasiya şikayətinə baxılıb.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə əvvəllər dəfələrlə məhkum edilmiş xüsusi təhlükəli residivist Fətullayev Nəriman Səfər oğlunun apelyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2008-ci ildə 56 yaşlı Nəriman Fətullayev "Zərgər Şükür"ün evi adlandırılan mənzilə basqın edib. Zərgər Şükür Əhmədovun ailəsinə basqın zamanı, onun oğlu Şahin Əhmədovu çoxsaylı bıçaq zərbələri ilə öldürüb, onun həyat yoldaşı Əzizə Əhmədovaya isə hücum edib və qadın xəstəxanada vəfat edib. 2014-cü ilə qədər hüquq-mühafizə orqanlarına qətlin üstünü açmaq müvəffəq olmayıb.
Qətldən bir neçə il keçəndən sonra Fətullayev odlu silah saxlamağa görə həbs olunub və ikiqat ölümlə bağlı cəzadan qaçmağa müvəffəq olub. N.Fətullayev iki il həbsdə yatıb və azadlığa çıxıb. Həbsdən azad olunandan sonra Rusiya Federasiyasında yaşayan N.Fətullayev barəsində şübhələr olduğundan onun istintaqa cəlb olunması üçün barəsində axtarış elan edilib. Bir dəfə N.Fətullayev saxlanılarkən polisləri qorxutmaq və şəxsi toxunulmazlıq əldə etmək üçün nümayişkaranə şəkildə öz qulağını kəsib və onu yeyib. Sonuncu dəfə 2017-ci ilin may ayında saxlanılarkən Fətullayev hasardan toyuq hininin çardağına tullanaraq qaçmağa cəhd etsə də birbaşa onu həbs etməyə gələn əməliyyat qrupunun əlinə düşüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fətullayev Nəriman Səfər oğlu oğlu Cinayət məcəlləsinin 120.2.4, 120.2.9, 120.2.11, 29, 120.2.6, 29, 120.2.7, 29, 120.2.10, 181.3.2, 181.3.3 maddələri ilə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.