Komitə sədri Gəncədə məcburi köçkünlərin problemlərini dinlədi
Unikal.org xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdıqları 1500 ailəlik yeni qəsəbədə bölgə vətəndaşlarını qəbul edib.
Qəbuldan əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehdiyev ümummilli lider Heydər Əliyevin abidəsini və Kəlbəcər Şəhidlərinin Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra eyni məsələlərlə bağlı müraciət edən 100 nəfərədək məcburi köçkün sədr tərəfindən ümumilikdə qəbul edilib və müraciətləri dinlənilib.
Qəbula gələnlər komitə sədrinə əsasən mənzillə təminat, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı müraciət ediblər. Bütün müraciətlər Dövlət Komitəsi tərəfindən qeydə alınıb. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.