Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, iyunun 22-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 5,3 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb, həmçinin yabanı halda bitmiş, çəkisi 17 tona yaxın 36 min ədəddən çox xaş-xaş və çətənə kolları məhv edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Qulammirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 125 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı evdən əlavə olaraq çəkisi 4 kiloqram 295 qram marixuana aşkar edilərək götürülüb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Bahadur Mikayılovdan isə 475 qram marixuana aşkar edilib.
Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən RPŞ-nin əməkdaşları Qara Siyəzən kənd sakini, əvvəllər məhkum olunmuş Bədəl Nəzərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 87 ədəd çətənə kolu və 400 qram marixuana, Şəki ŞRPŞ-nin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş Əliyasər Umarovun həyətyanı sahədən 18 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edərək götürüblər.
Həmçinin Xocalı RPŞ-nin əməkdaşları Goranboy rayonunun Mənəşli kəndi ərazisində çəkisi 1,3 ton olan 3787 ədəd, Tovuz RPŞ-nin əməkdaşları Dönük Qırıqlı kəndi ərazisində çəkisi 1,3 ton olan 3712 ədəd yabanı halda bitmiş çətənə, Yardımlı RPŞ-nin əməkdaşları isə Alar kəndi ərazisində çəkisi 14 tona yaxın 28540 ədəd xaş-xaş kollarını məhv ediblər.