Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Unial.org-un xəbərinə görə, fərmana əsasən mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid "G2B (dövlət-biznes) elektron reyestri yaradılacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi və strukturu, "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı təsdiq edilib.

Müəyyən edilib ki:

- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra - Agentlik) ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir;

- Agentliyin nizamnamə fondu 5,0 (beş) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;

- Fərmanda nəzərdə tutulan reyestrin operatoru funksiyalarını Agentlik həyata keçirir;

- Agentlik öz fəaliyyətində sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərini rəhbər tutur;

- Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.