Daxili İşlər Nazirliyi Sumqayıtda atanın oğlu tərıfindən öldürülməsi barədə məlumat yayıb.

Unikal.org-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 27-də saat 6 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində meyit tapılması barədə daxil olmuş məlumatla əlaqədar Sumqayıt şəhər polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Corat qəsəbə sakini Elşən İsgəndərov olduğu müəyyən edilib.

Araşdırmalarla iyunun 26-da saat 20 radələrində Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində E.İsgəndərovla oğlu İsmayıl arasında baş vermiş münaqişə zəminində sonuncunun onu bıçaqlaması və suda boğması müəyyən edilib.

Görülmüş tədbirlərlə İsmayıl saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

11:34

Sumqayıtda törədilən qətlin üstü açılıb.

Unikal.org xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində dənizdən üzərində xəsarəti olan kişi meyiti aşkarlanıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin şəhər sakini, 1965-ci il təvəllüdlü Elşən Mikayıl oğlu İsgəndərov olması müəyyənləşib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, is üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun oğlu İsmayıl İsgəndərov şübhəli şəxs qismində tutulub.