Azərbaycan və Vyetnam özəl informasiya kommunikasiya texnologiyaları (İKT) şirkətləri arasında ikitərəfli əməkdaşlığın təşviq olunması barədə razılıq əldə edib.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə hökumətdəki mənbə bildirib.

Agentliyin müsahibinin sözlərinə görə, söhbət əsasən qarşılıqlı investisiyaların artırılması və bu sahədə birgə şirkətlərin yaradılmasından gedir:

"Bundan başqa tərəflər birgə biznes forumlar təşkil etmək, hər iki ölkənin ərazilərində təşkil edilən İKT tədbirlərində qarşılıqlı iştirak etmək, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və Dünya Poçt İttifaqı kimi beynəlxalq təşkilatlar çərçivəsində İKT sahəsində səmərəli əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Mənbə həmçinin bildirib ki, tərəflər nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bununla əlaqədar olaraq 2015-ci il 14 may tarixli "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və Vyetnam Respublikası Nəqliyyat Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumunun icrasının təmin olunması üzrə birgə işçi qrupunun yaradılması haqqında razılıq əldə edilib.