Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının barələrində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Oqtay Əhmədov (Aysel Şükürovanın 2-ci əri) dindirilib.

O ifadəsində bildirib ki, hadisədən bir müddət əvvəl əmisi Şahin Məmmədovgilə gedib: "Evdə olan zaman əmim dedi ki, Elşənlə (Aysel Şükürovanın 1-ci əri) görüş təyin eləyib və telefonda söyüşüblər. Biz də durub getdik görüşə. Hadisə bu cür oldu.

Təqsirləndirilən Elşən Əsgərli isə bildirib ki, görüşü Şahin Məmmədovla razılaşıb: "Gənclikdə "Bazarstore qarşısında görüşdük. Baxdım maşında 4 nəfər var, çatan kimi məni söydülər. Hərəsi bir tərəfdən üstümə hücum çəkdi. Oqtay maşından qəribə taxta çıxartdı. Mənim avtomobilimin nömrəsini qırdı və gördüm ki, taxta ilə üstümə hücum çəkir. Polisə sığınmaq üçün qaçdım. Onlar polisin yanında məni döyməyə başladılar. Bu zaman başımıza çoxlu adam yığışdı. Həmin vaxtı əsgər yoldaşım da təsadüfdən ora gəlmişdi. Birinci bizi o aralayırdı, sonra onu da mənimlə birlikdə döydülər.

Təqsirləndirilən şəxs bildirib ki, bu iş üzrə Oqtaya himayədarlar kömək edib: "Oqtayın atasının böyük himayədarları var. Elnur Cəfər adlı prokurorluq əməkdaşı onlara kömək edir.

Suallara cavab verən Elşən Əsgərli bildirib ki, ötən il dekabrın 17-dən yanvarın 6-na qədər Ukraynada olub: "Orda olan zaman çoxsaylı zənglər gəlirdi. Sonradan "instagramda mənə yazdılar. Nömrələrini qoymuşdular. Yazmışdılar ki, bu nömrəyə zəng eləməyən "belə belə olsun. Mən də yığdım. Əmisi götürdü. Yenə təhqir elədi. Dedi ki, kişiliyin varsa gəl görüşək. Bu əvvəlcədən qurulmuş ssenari idi. Plana uyğun olaraq döyülən də söyülən də mən oldum. Lakin onun atasının statusu və pulu məni günahkar çıxardı.

İttihama görə, Elşən Əsgərli tanışları - Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər.

İstintaq araşdırması zamanı Elşən Əsgərli və digər şəxslərin Oqtay Əhmədova qarşı xuliqanlıq etməsinin səbəbi məlum olub.

Elşən Əsgərli Oqtay Əhmədovun və əmisi Şahin Əhmədovun haqqında, eləcə də onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə, məlumatlar yayıb.

Bununla bağlı, Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində Elşən Əsgərli tanışları Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da Oqtay Əhmədovla görüşüblər.

Görüş zamanı Oqtay Əhmədov Elşən Əsgərliyə hansı səbəbdən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymaqla, onlardan əl çəkmədiyini, və əmisi Şahin Əhmədovu təhqir etdiyini bildirib.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Elşən Əsgərli Oqtay Əhmədovun üz nahiyəsinə bir yumruq zərbəsi vurub.

Oqtay Əhmədovu vuran Elşən Əsgərli daha sonra Vaqif küçəsində olan Azpetrol yanacaqdoldurma məntəqəsi istiqamətində qaçıb. Oqtay Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.

Yanacaqdoldurma məntəqəsinin yanında olan zaman Oqtay Əhmədov mübahisəsini davam etdirib.

Bu zaman Elşən Əsgərli uca səslə Oqtay Əhmədovun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.

Elşən Əsgərli Oqtay Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları - İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşməyə çağırıblar, onun əl-qolunu tutaraq, Oqtay Əhmədovu yenə də vurmaq istəməsinə imkan verməyiblər.

Bu vaxt Elşən Əsgərlinin tanışları - Nuray Bayramlı və Azər Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə Oqtay Əhmədovu bir qədər kənara çəkiblər.

Orada Azər Nəsibov Oqtay Əhmədovun üz nahiyəsində bir kəllə vurub.

Daha sonra Azər Nəsibov və Nuray Bayramlı zərbənin təsirindən yerə yıxılmış Oqtay Əhmədovun bədənini müxtəlif nahiyələrinə zərblər vurub.

Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan Elşən Əsgərli Oqtay Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb.

Sonra Elşən Əsgərli Oqtay Əhmədovu döyməyə başlayıb. Baş verən hadisə zamanı Oqtay Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.

İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə) xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. O, boşanandan sonra Oqtay Əhmədov ilə ailə qurub.

Qüdrət Şükürov qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi xəbərləri mətbuatda yayılıb.