Ötən gün iyulun 3-də Kiyevdə azərbaycan mətbəxi restoranı "Dolmanın qarşısında azərbaycanlı güllələnib. 
 
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, Kiyevin Qoloseyevsk rayonunda, Antonoviç küçəsində yerləşən restoranın qarşısında naməlum şəxs "Makarov tapançasından atəş açıb. Nəticədə restorandan çıxan azərbaycanlı yaralanıb və xəstəxanada keçinib. Hüquq-mühafizə orqanları bu qətlin sifarişli olduğu haqda ilkin versiya irəli sürüblər, amma öldürülən şəxsin adını açıqlamayıblar.
 
Lakin bu gün Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk həmin şəxsin adını özünün Facebook səhifəsində açıqlayıb. "Öldürülən şəxs azərbaycanlı Aqael Dauddur, kriminal avtoritet "Oleq Bakinskiyə yaxın şəxsdir-deputat yazıb.
 
Ukrayna KİV-ləri deputata düzəliş veriblər və onun öldürülən şəxsin ad, soyadını düzgün yazmadığını bildiriblər. Belə ki, həmin şəxs Ağayev Davud Şahəddin oğludur. Və üç il əvvəl onun adı sui-qəsd işində keçib. 2015-ci ildə Kiyevdə azərbaycanlı biznesmenə atəş açılıb, güllələr onun ayağından dəyib. Bu vaxt biznesmenə qəsd, yaxud oğurlanacağı haqda əvvəlcədən məlumat alan xüsusi təyinatlılar, "Alfa dəstəsinin döyüşçüləri killerləri tutmaq üçün təqib başladıb. Həmin əməliyyatda Bakı sakini Ağayev Davud Şahəddin oğlu da saxlanılıb. Onun üzərindən "Kalaşnikov avtomatı və tapança tapılıb. Amma necə olubsa sonradan onu azadlığa buraxıblar.
 
"Oleq Bakinskiy ləqəbi ilə tanınan kriminal avtoritet Oleq Krapivin Bakı sakinidir, veteranlar arasında sərbəst güləş üzrə Azərbaycan və SSRİ çempionu olub. Ukraynada bizneslə məşğuldur, 2013-cü ildə "Fokus jurnalı onun adını Ukraynanın 100 ən varlı şəxslərindən biri siyahısına daxil etmişdi.