Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən gördüyü tədbirlər nəticəsində bu ilin yanvar-iyun aylarında işəgötürənlər tərəfindən 82,8 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
Nazirlikdən unikal.org-a verilən məlumata görə, həmin vəsaitin 85,7 faizini əmək haqları, 13 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Müraciətlərin araşdırılması zamanı 4 nəfər vətəndaşın əmək qanunvericiliyinin tələblərinə zidd şəkildə işdən azad edildiyi müəyyən olunub. Həmin şəxslərin hüquqları bərpa olunaraq, onlar yenidən əvvəlki iş yerlərinə bərpa ediliblər.
Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat-maarifləndirmə məqsədilə 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, yanvar-iyun aylarında Bakıda və bölgələrdə işəgötürənlərin iştirakı ilə 30 seminar təşkil edib.
Bu tədbirlər zamanı qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əməyin ödənilməsi və əməyin mühafizəsi normaları, əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları, işçilərin məzuniyyət hüquqları və s. ilə bağlı işəgötürənlərin ətraflı məlumatlandırılması təmin edilib.