"Son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir. Bu sahələr bir-birinə bağlı olan sahələrdir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel olaraq aparılmalıdır və aparılır. Əminəm ki, görülmüş işlər nəticəsində yaxın gələcəkdə biz daha da böyük nəticələri görəcəyik. Vergi və gömrük orqanları dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qalxmalıdır. Yəni, sadə dillə desək, vəzifə bundan ibarətdir".
Unikal.org xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
"Əlbəttə ki, kadr dəyişikliyi aparılmalıdır və aparılır. Əminəm ki, bu, öz bəhrəsini verəcək. Qabaqcıl ölkələrin təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıbdır, qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir", - deyə Prezident bildirib.
Onun sözlərinə görə, sahibkarlar da öz tərəfindən bu işlərdə məsuliyyətlərini göstərməlidirlər:
"Vergidənyayınma hallarına son qoyulmalıdır. Bu, kiçik və böyük sahibkarlara aiddir. Hamı qanun qarşısında bərabər olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyi qarşısında mənim tapşırıqlarım bundan ibarətdir. Heç kimin heç bir güzəşti yoxdur, ola da bilməz. Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır. Mən bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər belə hallar olarsa dərhal birbaşa Prezident Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir. Çünki biz bu sahədə tam sağlamlaşdırma siyasətimizi davam etdirib başa çatdırmalıyıq".