2018-ci ilin ilk yarım ili ərzində həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbs edilmiş şəxslərdən, məhkumlardan və digər şəxslərdən 1770 manat məbləğində pul, 62 mobil telefon, 38 fakt üzrə 56,5 qram narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.
Unikal.org xəbər verir ki, bu barədə Penitensiar Xidmətdə bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib. Müşavirədə qeyd olunub ki, həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.
Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 335 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib. Penitensiar Xidmətin əməliyyat aparatının təşəbbüslü məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş 3 ədəd odlu silah götürülərək aidiyyəti orqanlara təhvil verilib.