Ağsu rayonunda meşə yanğını başlayıb.

Unikal.org apa-ya istinadən xəbərinə görə, ilkin məlumatda rayonun Qırlar kənd sakinlərinin dağlıq ərazidəki quru ot və kol-kosu yandırdıqları bildirilir. Nəzarətsiz qalan alov getdikcə daha böyük ərazini əhatə edib, yaxınlıqdakı meşə sahəsinə keçib.

Hadisə yerinə FHN-in Ağsu, Şamaxı və İsmayıllı Dövlət Yanğından Mühafizə hissələrinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Dağlıq əraziyə yanğınsöndürən avtomobillər çıxa bilmədiyi üçün şəxsi heyət alovun qarşısını əl əməyi ilə almağa çalışır.

Yanğının söndürülməsi üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Qırlar kəndi yaxınlığında meşəətrafı ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri dərhal alovun söndürülməsi işlərinə cəlb olunub. İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 hektar biçilmiş taxıl sahəsi və 0,5 hektar sahədə kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur. Əlavə məlumat veriləcək.