"Son bir həftədə 4 nəfər ilan sancma ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Bu yöndə müraciətlər əsasən bölgələrdən daxil olub. Onlardan 3-ü qadın, 1-i kişidir. Vəziyyətləri kafidir.
Unikal.org xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, mövsüm başlayandan ümumilikdə 54 nəfər ilan sancma ilə bağlı müraciət edib: "Ölüm faktı qeydə alınmayıb. Əsas müraciətlər isə bölgələrdəndir.
Bundan başqa bir xəstə əqrəb sancması ilə bağlı Toksikologiya şöbəsinə qəbul olunub. İndi vəziyyəti kafidir. Həftə ərzində bir xəstə sirkə turşusundan zəhərlənmə ilə şöbəyə gətirilib. O da qadındır. 4 xəstədə isə dərman qəbulundan sonra allergiya yaranıb.
Şöbə müdiri onu da qeyd edib ki, həftə ərzində 7 nəfər spirtli içkilərdən zəhərlənib: "Onlar şöbəyə sərxoş vəziyyətdə gətirilib. Müayinədən keçdikdən sonra həkim məsləhəti ilə evə buraxılıblar. Həftə ərzində ölüm faktı qeydə alınmayıb.