İyulun 27-də gecə saatlarında Acarıstan Muxtar Respublikasının Batumi şəhərində mübahisə zəminində 4 nəfər bıçaqlanıb. Onlardan ikisinin azərbaycanlı olduğu iddia olunur.
Unikal.org xəbər verir ki, Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, hadisə şəhərin "Əlifba Qülləsi ("Başnya Alfavita) adlanan ərazisində olub. Lakin yaralıların Azərbaycan vətəndaşı olması barədə məlumatlar düzgün deyil. Yaralanan şəxslərlə bağlı Batumi şəhər polisi, xəstəxanası və digər aidiyyəti orqanlardan baş konsulluğa da heç bir müraciət daxil olmayıb.
Bununla belə, baş konsulluq hadisəni diqqətdə saxlayır.
Məlumat üçün qeyd edək ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.
Cinayəti törətmiş şəxs saxlanılıb. Onu 7 ildən 15- ilədək həbs cəzası gözləyir.