"Tarif Şurasının növbəti iclasında metro və avtobuslarda gediş haqqının artırılması qaçılmaz idi. Düzdür, bu cür qiymət artımları istənilən ölkədə qeyri-populyar addım kimi sayılır. Hökumət bəzən bütün bunlara rəğmən bu artıma getməkdə məcburdur.
Bu sözləri Unikal.org-a Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.
O ictimai nəqliyyatda qiymət artımını bu amillərlə bağlayıb:
"Bazar iqtisadiyyatıdır. Təbii ki, ölkəmizdə nəqliyyat xidmətlərinin artmasının səbəbləri var. İlk səbəbi ondan ibarətdir ki, bazar iqtisadiyyatında inflyasiya kimi bir amil mövcuddur. 2015-ci ildə Azərbaycanda milli vayutamız devalvasiyaya məruz qaldı. Bu da dünyada baş verən iqtisadi və siyasi amillərlə bağlıdır. Ölkəmizdə devalvasiya olmasına baxmayaraq əhalinin sosial iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması üçün dövlət tərəfindən iri və vacib sosial-iqtisadi layihələrin maliyyələşdirilməsi prossesi dayandırılmadı. Bu gün ölkəmizdə yeni yollar çəkilir, Bakıda yeni metro stansiyaları qurulur, yeni vaqonlar, kondisionerli avtobuslar alınıb gətirilir. Bütün bunlar əhalinin istifadəsi və rahatlığı üçündür.
Azərbaycanda ictimai nəqliyyatda qiymət artımı 9 ilə yaxın idi ki, artırılmırdı. Əvvəllər köhnə avtobuslar var idi. Qiymətlər də xidmətlərə görə aşağı idi. Amma hazırda ictimai nəqliyyatda xidmətlər günü-gündən artmaqdadır. Nəqliyyat vahid mərkəzdən idarə olunur. Bununla belə nəqliyyat sektorunda çalışan insanların da əmək haqları artırılır.
Həmçinin, dövlət tərəfindən nə qədər ictimai nəqliyyat sektoru dotasiya olunmalıdır? İlk növbədə metro heç bir ölkədə dövlət büdcəsinə xeyr gətirmir. Əksinə, dövlət büdcəsi daima bu sektora vəsait yönəltməyə məcburdur. 99 faiz metrolar özünü ödəmir. Buna baxmayaraq Azərbaycanda dövlət büdcəsindən yeni metro stansiyaları tikilir, dövlət büdcəsindən investisiya yatırılır. Bütün bunları nəzərə alaraq Tarif Şurasının yeni qərarını da başa düşmək lazımdır.