Bakı Ağır Cinayətlər Məhkəməsində "Ailə TV" kabel televiziyasının ofisinə basqın etməkdə təqsirləndirilən dəstə üzvləri - 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevə hökm oxunub.

Unikal.org-un Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə K.Əliyev 12 il, R.Əhmədzadə 9 il 9 ay, digərləri isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən "Ailə TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar. Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.