Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin reallaşdırılması istiqamətində qarşıya qoyulmuş hədəflərdən biri Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, 2018-ci il mayın 14-də açılışı olmuş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksidir. Kompleks ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm yer tutmaqla, idxal, ixrac və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyasını yerinə yetirərək, Xəzər dənizi üzərindən effektiv, sürətli və təhlükəsiz keçidi təmin edir.
Sərəncamla Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.84-cü bəndində göstərilmiş məbləğin 10,2 milyon manatı İqtisadiyyat Nazirliyinə ayrılıb.