Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Ramana qəsəbəsində məcburi köçkünlərin "Şuşa şəhərciyinin ərazisindəki "Naxçıvan kafesində bir nəfərin ölümü, digərinin yaralanması ilə bağlı silahlı insident olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü "isti izlərlə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində H.Abbasquliyev saxlanılıb. H.Abbasquliyevdən nömrəsi silinmiş "AKMS markalı silah, 17 patron və 1 patron darağı maddi sübut kimi götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hadisənin digər iştirakçıları da müəyyənləşib. Onların tutularaq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Yeni Müsavata daxil olan məlumatda deyilir ki, hadisə gecə 10-da baş verib. "Kalaşnikovla silahlanmış H.Abbasquliyev kafeyə daxil olaraq atəş açıb. Nəticədə 1985-ci il təvəllüdlü Namiq Məhərrəm oğlu Allahverdiyev və 1984-cü il təvəllüdlü Elxan Kərimov ağır yaralanıblar. Hər iki yaralı 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar. N.Allahverdiyev orada ölüb, E.Kərimovun isə vəziyyəti qənaətbəxşdir.
İlkin araşdırmalar zamanı bəlli olub ki, N.Allahverdiyev əvvəllər Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məhkumluq həyatı yaşayıb. Qətli törətməkdə şübhəli bilinərək saxlanılan N.Allahverdiyev də Ramana qəsəbəsinin sakinidir. O da əvvəllər məhkum olunmuş şəxsdir. Əvvəllər Cinayət Məcəlləsinin 226-cı (radioaktiv materiallarla qanunsuz davranma), 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunub.
H.Abbasquliyev bir müddət əvvəl Rusiyada həbsdən azad olunub. O, Rusiyada Federasiyası Cinayət Məcəlləsinin 105-ci - qəsdən adam öldürmə maddəsi ilə də həbsdə olub. Azad edildikdən sonra Azərbaycana qayıdıb. H.Abbasquliyevin kriminal avtoritet olması haqda da məlumatlar var. Onunla yanaşı, cinayətin digər iştirakçıları da məlum olub. 1986-cı il təvəllüdlü Babək və 1984-cü il təvəllüdlü Çingiz İsa oğlu Xudiyev qardaşdır. Cinayətdə iştirak edən digər şəxslərin isə Qadir və Oqtay adlı qardaşlar olduğu müəyyən edilib. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Hadisənin digər iştirakçıları müəyyən edilib və onların da tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Maraqldır ki, son günlər polis xüsusilə paytaxt Bakıda silahlı şəxslərə qarşı uğurlu əməliyyatlar aparıb. Belə bir vaxtda Ramanada silahlı insidentin baş verməsi ilə bağlı sabiq polis rəisi Mahmud Hacıyevin fikirlərini öyrəndik.
Mahmud Hacıyev "əhalinin silahı haradan əldə etməsi sualına maraqlı cavab verib: "SSRİ dağılandan sonra sovet qoşunları Azərbaycanı qeyri-nizamlı şəkildə tərk etdilər. Yəni silahları, hərbi hissələri qanuni şəkildə təhvil verib getmədilər. Bilərəkdən, kortəbii surətdə, silahları səpələyərək ölkəni tərk etdilər. Həmin illərdə müəyyən qisim insanların əlinə silah keçdi. Bundan başqa, Ermənistanla müharibə şəraitində olmağımız sərhəd bölgələrində yerləşən rayonlarımızın əhalisinin silahlanmasına səbəb olmuşdu. O dövrlər Müdafiə Nazirliyi yox idi, müstəqil özünümüdafiə batalyonları vardı. İnsanlar özlərini müdafiə etmək üçün ən müxtəlif ünvanlardan silahlar əldə etmişdilər. Atəşkəs əldə ediləndən sonra həmin rayonların sakinləri Bakı şəhərinə və digər rayonlara köç etdilər.
Aydın məsələdir ki, sərhəd bölgəsindən ölkənin içərilərinə gələn əhali özü ilə silahlarını da gətirib. Zaman-zaman, son 25 ildə vətəndaşlardan xeyli silah-sursat götürülüb. İnsanlar da baxır ki, silah ona o qədər də lazım deyil. Ötən dövrdə silahları könüllü surətdə təhvil verənlər də olub. Həmin silahlarla cinayət törədənlər də olub. Odlu silah belə bir şeydir ki, uzun müddət bir ailədə, bir əldə qalanda, yazılmamış qanundur, mütləq qaydada, haradasa, kiməsə qarşı istifadə edilməli, açılmalıdır. Tarixən belədir. Elə silah sahibləri də var ki, könüllü surətdə silahları təhvil verməkdən çəkinir, silahı harasa tullayır. Elə şəxslər var ki, silahı tullayır və anonim zəng etməklə silahın yerini hüquq-mühafizə orqanlarına deyir. Və yaxud silahı tullayıb bu haqda məlumat verməyənlər də var. Belə silahları da sahə müvəkkilləri, əməliyyatçılar aşkarlayıb rəsmiləşdirirlər.
Sabiq polis rəisi bildirib ki, əvvəlki illərə nisbətən əhalidə silahların sayı azalıb: "Statistik məlumatlar yayılanda belə təəssürat yaranır ki, əhalidə silah-sursat çoxdur. Faktiki isə ötən 10 illə müqayisədə hazırda əhalidə silah-sursat daha azdır. Ramanada baş verən hadisəyə oxşar hadisələr baş verəndə əllərdə silahların çoxluğu haqda təəssürat yaransa da, faktiki, vəziyyət başqadır.