Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarından istifadə edən sərnişinlərin məmnunluğunun təmin edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədi ilə 13.08.2018-ci il tarixdən etibarən həmin qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları tətbiq ediləcəkdir.
Unikal.org xəbər verir ki, yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcəkdir. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaqdır. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub.
Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Biləcəri, Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək olar.
Elektron plastik ödəniş kartları biznes-klass vaqonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir. Biznes-klass vaqonu ilə səfər edəcək sərnişinlər bilet kassalarından və ya köşklərdən gediş sənədini (bileti) əldə etməlidirlər.
Qeyd edək ki, gediş kartından istifadə qaydaları ilə "Azərbaycan Dəmir Yolları QSC-nin www.ady.az saytında tanış olmaq olar.