Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti hərraclardan biri də sentyabrın 11-i keçiriləcək. Belə ki, hərraca ümumilikdə 47 dövlət əmlakı çıxarılıb.
Komitədən unikal.org-a verilən məlumata görə, onlardan 20-si səhmdar cəmiyyəti, 11-i kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.
Hərraca Bərdə, Oğuz, Salyan, Şəki kimi rayonlarda yerləşən müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən səhmdar cəmiyyətləri çıxarılıb. Onlara Lerik Kəndkimya, Kürdəmir Quşçuluq, Şəki Tikinti Quraşdırma kimi dövlət əmlakları aiddir.
Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektləri Bakı, Salyan, Astara, Lənkəran kimi şəhər və rayonlarda yerləşir. Dövlət əmlaklarının ümumi faydalı sahəsi 14.8 kv.m ilə 3 min 763 kv.m aralığındadır. Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklardan biri də Salyan rayonu, Peyk kəndində yerləşən Yardımçı kənd təsərrüfatıdır. Torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılan bu dövlət əmlakının ümumi faydalı sahəsi 66.7 kv.m-dir.
Qeyri-yaşayış sahələrinə gəldikdə isə onlardan 9-u Bakıda, digər 2-si Gəncə və Mingəçevirdə yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 18 kv.m ilə 446 kv.m intervalındadır. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən obyekt kiçik sahibkarlıq fəaliyyəti üçün uğurlu seçim ola bilər. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 35.5 kv.m, təyin olunan ilkin hərrac qiyməti isə 12 min 750 manatdır.
Budəfəki hərraca Mercedes, BMW, Vaz və Fiat markalı nəqliyyat vasitələri də çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1996-2007-ci illəri əhatə edir.
Vətəndaşlar hərracda özəlləşdirməyə çıxarılan dövlət əmlaklarına sifariş vermək üçün Özəlləşdirmə portalında mövcud siyahıdan əmlakı seçərək ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçiyə çevrilə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını eləcə də prosesi izləmək istəyən hər kəsi hərraclarda iştiraka dəvət edir.