Gəncə hadisələrinin iştirakçısı 1989-cu il təvəllüdlü Rəhimov Muraz Çapay oğlunun saxlanılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 2018-ci il avqustun 10-da Sumqayıt şəhərində həyata keçirilən əməliyyat tədbiri zamanı o, silahlı müqavimət göstərdiyindən məhv edilib.
Unikal.org-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, radikal dini cərəyanlara meylli Muraz Rəhimov 2012-ci ildə Bakı şəhərində keçirilmiş "Evrovision mahnı müsabiqəsi öncəsində paytaxtda partlayış törətmək niyyətində olub. Həmin dövrdə onun yaşadığı mənzildən qumbara aşkar olunduğuna görə o məhkum edilib.
Muraz Rəhimov cəzaçəkmə müəssisəsində olarkən qadağan olunmuş əşya saxladığına görə yenidən cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunub.
Muraz Rəhimov cəzaçəkmə müəssisəsində olarkən "Müsəlman Birliyi Hərəkatına qoşularaq daha aqressiv mövqe göstərməyə başlayıb.
Muraz Rəhimov 10 iyulda Gəncə şəhərində törədilmiş iğtişaşlarda iştirak etdikdən sonra həbs olunmamaq üçün paytaxta gəlib, müxtəlif ünvanlarda kirayədə yaşayaraq gizlənib.
Müəyyən edilib ki, Muraz Rəhimov 2018-ci il Aşura mərasimi dövründə Gəncə şəhərinin imamını və polis əməkdaşlarını öldürməyi planlaşdırıb.