Son günlər manatın avroya qarşı möhkəmlənməsi müşahidə olunur. Bu ilin yanvar ayından bu günə qədər avronun məzənnəsi manata nisbətən 0.11 AZN qədər ucuzlaşıb. Manatın avroya qarşı möhkəmlənməsi prosesi may ayından başlayıb. Mərkəzi Bankın bu günə olan məzənnəsinə görə 1 avro 1.9930 AZN səviyyəsində müəyyən edilib.

Mövcud vəziyyəti hansı səbəblər yaradır və proses nə qədər davam edə bilər?

İqtisadçı ekspert Vüqar Bayramov Unikal.org-a açıqlamasında bildirib ki, avronun manata nisbətən ucuzlaşması avronun dollar qarşılığında ucuzlaşması ilə bağlıdır: "Son günlər avronun ucuzlaşması prosesi davam edir. Bu da birbaşa Türk Lirəsinin ucuzlaşmasının Avrozonaya təsirləri ilə bağlıdır. Lirənin ucuzlaşmasından öncədə də Avronun məzənnəsində azalmalar müşahidə olunurdu. Lirənin ucuzlaşması İtalya banklarının Türkiyə banklarındakı səhmlərinin taleyi ilə bağlı narahatçılıq yaratdı. Nəticədə Lirə məyyən dərəcədə Avronu da "vura bildi. Lirənin ucuzlaşması Avrozona ölkələrinin banklarına mənfi təsir göstərəcəyi səbəbindən Avronun məzənnəsində azalmalar müşahidə edilməyə başladı. Bu da Avronun manata nisbətən məzənnəsinin aşağı düşməsinə gətirib çıxardı. Manatın Avroya nisbətən birbaşa deyil, çarpaz məzənnədir. Avro dollara nisbətən ucuzlaşırsa, nəticə etibarı ilə manata nisbətən də ucuzlaşır.

V.Bayramovun sözlərinə görə, lirə kəskin ucuzlaşmaqda davam edərsə, dolların səbətdə olan aparıcı valyutalara nisbətən məzənnəsi də yüksələcək: "Hazırda dünya bazarında dolların möhkəmlənməsi müşahidə olunur. Təbii ki, bu da avroya təzyiqi artıran səbəblərdəndir. Lirənin ucuzlaşacağı gözləniləndir. Bu da avropa banklarının səhmləri ilə bağlı narahatçılığı artıracaq. Dollar avro qarşılığında möhkəmlənməkdə davam edərsə, manatın avroya nisbətən bahalaşması gözləniləndir.

Həsən Babayev