Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 26 il keçir.
Unikal.org-un məlumatına görə, milli pul vahidi olan manat 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb.
İlk mərhələdə 1, 10 və 250 manatlıq əskinaslar, noyabrda isə 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq kağız əskinaslar dövriyyəyə buraxıldı.
Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdi.
Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində - 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi.