Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 26 il keçir.
Milli pul vahidi olan manat 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb.
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun yaxın silahdaşı Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə Unikal.org-a manatın dövriyyəyə buraxılması ilə bağlı maraqlı açıqlama verib.
O deyib: "Ayaz Mütəllibovun prezidentliyi dövründə manat Fransada çap edilib. Pullar Azərbaycana gətirildikdən sonra Mərkəzi Bankın zirzəmisində saxlanıldı. Manat çap edildikdən sonra A.Mütəllibov manatı dövriyyəyə buraxmağa tələsmədi. Məqsədi manatı rubla deyil, dollarla bağlamaq idi. Təəssüflər olsun ki, dövlət çevrilişi yolu ilə hakimiyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsi manatı dövriyyəyə buraxmağa çox tələsdi. Ona görə də manat dövriyyəyə çıxan kimi dəyəri öldü. Çünki, layihəyə görə manat dollarla bağlı olmalı idi. Naşılar hakimiyətə gəldikdən sonra manatın kursunu rus rubuluna bağladılar. Rus rubulu da çox ölü idi. Ona görədə manatı öldürdülər. Bir müddət sonra manat denominasiyası həyata keçirildi. Bundan sonra manat çox güclü bir valyuta oldu.
Araz Əlizadə bir vaxtlar üzərində Məhəmməd Əmin Rəsulzadə (1000 manat) və Nizami Gəncəvinin (500 manat) şəkilləri olan manatın dəyərindən də danışıb. O bildirib ki, indiki kimi sözügedən əskinasların dəyərinin olmadığını və bununla bağlı keçmiş millət vəkili Hacı Abdül eks spiker Rəsul Quliyev arasında baş tutan dialoqu da xatırladıb: "Keçmiş millət vəkili Hacı Əbdül Milli Məclisin iclasına gecikir. Spiker Rəsul Quliyev Hacı Əbdüldən iclasa gecikməyinin səbəbini soruşur. Hacı Əbdül isə ona cavabında bildirir ki, üç kişi ilə bazara getmişdi. Üçümüzə bir kilo ət ala bilməmişdik. Rəsul Quliyev özündən başqa digər iki kişinin kimliyini soruşunda isə H.Əbdül ona belə cavab verir: "Mən, Məhəmməd Əmin Rəsulzadə və Nizami Gəncəvi. Yəni bu həmin pul vahidi idiki, bunu rus rubuluna bağlamışdılar. Yəni, sözügedən əskinasla bir kiloqram ət də almaq olmurdu".
A.Əlizadə manatın gələcək taleyi ilə bağlı da açıqlama verib: "Biz 2018-ci ilin büdcəsində 1 barrel neftin qiyməti 40 dollardan götürmüşük. Allaha şükür ki, neftin dünya bazarındakı qiyməti 70 dollardan üstündür. Ona görə devalvasiyaya heç bir əsas görmürəm.