Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər çərçivəsində Meysəri kəndindəki "Şirvan şərabları MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak ediblər.
Unikal.org xəbər verir ki,"Şirvan şərabları MMC-nin icraçı direktoru Ceyhun Soltanov dövlətimizin başçısına və xanımına kompleks barədə məlumat verib. Bildirilib ki, üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın "Pera şirkətinin avadanlıqları ilə təchiz olunub. Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Həmçinin regionun turizm potensialını da nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu məqsədlərdəndir. Bu məqsədlə ərazidə şərab muzeyi və restoran binası, terras istifadəyə verilib, qonaqlar üçün avtodayanacaq və qonaq evi tikilib. Uşaqlar üçün əyləncə zonası da yaradılıb. Kompleksin girişində yük və minik avtomobilləri üçün nəzarət-buraxılış məntəqələri var. Ərazidə anqar binası, texnikalar üçün avtoyuma və yanacaqdoldurma məntəqəsi, mağaza və zavodun maşınları üçün avtodayanacaq tikilib. Çayın üzərində minik maşınları və piyadalar üçün körpü inşa olunub. Əraziyə uzaq məsafədən su, işıq, qaz xətləri çəkilib, yağış sularının axıdılması üçün xüsusi borular və avtomat suvarma sistemləri, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Zavodun işçi heyəti üçün ofis, yeməkxana və yataqxana binası inşa olunub.
İlham Əliyev və Mehriban Əliyeva ilk məhsulları imzalayıblar.
Bildirilib ki, 2017-ci ildə 40 hektardan çox, bu il isə 35 hektardan çox sahədə növbəti üzüm bağları salınıb. Gələn il daha 44 hektar sahədə yeni bağların salınması və üzüm sahələrinin 200 hektara çatdırılması nəzərdə tutulub. Üzümlüklərin 40 faizini ağ, 60 faizini isə qırmızı üzüm sortları təşkil edəcək. Hazırda müəssisədə Meysəri kəndi və ətraf ərazilərin sakinlərindən 200-dək insan işlə təmin olunub. Onu da deyək ki, kompleksin ərazisində yaşıllıq zolağı salınıb, 1000-dən çox müxtəlif növ ağac və kollar əkilib, süni göl yaradılıb. Müəssisəyə məxsus, üzüm əkini üçün relyef baxımından əlverişsiz olan 34 hektardan çox sahədə müxtəlif meyvə ağacları əkilib.
Sonra prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.