"Abşeron yatağından ilk qazı 2020-ci ilin üçüncü rübündə əldə etmək planlaşdırılır.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə yatağın işlənməsi üzrə operator "Total (Fransa) şirkətindən bildiriblər.
Qeyd olunur ki, yatağın işlənməsinin birinci mərhələsi üzrə işlər davam edir:
"Birinci qiymətləndirmə quyusunun qazılması bu ilin fevralında başlayıb və 2019-cu ilin ortalarında başa çatacaq. Ətraflı injinirinq avqustda başlayıb. İlk qazın isə 2020-ci ilin üçüncü rübündə əldə olunması planlaşdırılır.
Şirkətdən bildiriblər ki, birinci mərhələ "erkən istehsal sxeminə əsaslanıb:
"Qiymətləndirmə quyusu 35 kilometrlik sualtı xətlə "Neft Daşları" ilə əlaqələndirilib. "Neft Daşları"nda "Abşerondan qaz axınını əldə edəcək platforma tikiləcək. Burada qaz ehtiyatları ilkin emal olunacaq, daha sonra bu, mövcud müəssisələrə göndirələcək. İkinci mərhələyə gəldikdə isə, onun işlənməsi sxemi artıq müəyyən edilib. Bununla belə, birinci kəşfiyyat quyusunun qazılması zamanı əldə olunan məlumatlara əsaslanmaq lazımdır.
"Total şirkətindən həmçinin bildiriblər ki, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Ümid-Babək yatağı üzrə danışıqlar davam etdirilir.
Qeyd edək ki, "Total 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən "Abşeron yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının (326 mlrd. kubmetr qaz və 108 mln. ton kondensat) olduğunu təsdiqləyib. "Abşeron yatağının işlənməsi layihəsinin I mərhələsinə dənizin 450 metr dərinliyində bir quyunun qazılması daxildir. Qazma işlərində üzən yarımdalma qazma qurğusundan istifadə olunacaq. Bu mərhələ çərçivəsində platoda illik 1,5 mlrd. kubmetr, layihənin ikinci mərhələsində isə platoda illik 4 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur. Birinci mərhələ çərçivəsində hasil edilən qazın Azərbaycanın daxili bazarına yönəldiləcəyi nəzərdə tutulur.
Xatırladaq ki, "Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total (50%) şirkətləridir.