ABŞ-ın Beynəlxalq Anlaşma üçün İşgüzar Şurası (BCIU) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə Bakıda "Azərbaycan Rəqabətlilik Forumu 2018 keçirilib.
Unikal.org xəbər verir ki, forumun moderatoru, BCIU-nun vitse-prezidenti Cefri Donald Azərbaycanda belə bir miqyasda tədbirin keçirilməsini beynəlxalq ticari və işgüzar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Forumda çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində müstəqilliyimizin ilk illərində Azərbaycan Respublikasında mühüm iqtisadi islahatlar həyata keçirilib, xarici investisiyaların ölkəmizə cəlb edilməsi üçün möhkəm təməl yaradılıb: "Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən iqtisadi siyasəti sayəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülüb, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi məsələləri diqqət mərkəzində saxlanılıb. Təsadüfi deyil ki, Avropa İttifaqının "PricewaterhouseCoopers" ("PwC) və "Deloitte" şirkətlərinin Azərbaycanda apardığı son sorğuların nəticələrinə görə, ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir. Xüsusən də xarici investorların Azərbaycanda aparılan iqtisadi siyasətə inamı və etimadı güclüdür. Çünki investorlar üçün vacib olan iqtisadiyyatın proqnozlaşdırma səviyyəsi yüksəlir. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, "Yeni Əsrin Müqaviləsinin imzalanması və Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması ilə ölkəmizə milyardlarla dollar həcmində yeni sərmayəlar yatırılacaq.
Baş nazirin birinci müavini bildirib ki, aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslərin və sahibkarların mənfəəti və gəlirinin 50 faizi vergidən azad edilib, habelə onlar əmlak və torpaq vergisindən, idxal etdikləri texnika, texnoloji avadanlıq, qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad olunub: "Ölkədə xarici investisiyaların qorunması istiqamətində də kompleks tədbirlər həyata keçirilib. Yeni təşkil olunmuş sənaye parkları və məhəllələrində aqroparklar və texnoparklarda nəinki yerli biznes, eləcə də xarici sərmayələr üçün əlverişli biznes mühiti və infrastruktur imkanları yaradılıb. Xarici investorların Azərbaycana investisiya qoyması üçün hər cür şərait yaradılır. Qanunvericilik beynəlxalq tələblərə uyğunlaşdırılıb, ölkədə biznes sistemi asanlaşdırılıb, miqrasiya ilə bağlı köklü islahatlar aparılıb, "Azexport" portalı və Rəqəmsal Ticarət Qovşağı yaradılıb, xarici iş adamları üçün elektron rezident olmaq imkanı verilib və Ələt Azad İqtisadi Zonası yaradılması istiqamətində mühüm addımlar atılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının İcraçı direktoru İbrahim Alışov "Azərbaycan Rəqabətlilik Forumu 2018"də çıxış edib:
"Azərbaycanda hazırda rəqabətlilik indeksi üzrə 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb ki, bu da MDB ölkələri arasında ən yüksək göstəricidir. Forumun keçirilməsi ölkəmizin rəqabətqabiliyyətinin Dünya İqtisadi Forumu tərəfindən açıqlanan növbəti Qlobal Rəqabətlilik hesabatında daha üst yerlərdə qərarlaşması baxımından faydalı olacağına inanıram".
Energetika naziri Pərviz Şahbazov çıxışında qeyd edib ki, müasir dünyada və beynəlxalq münasibətlər sistemində enerji amilinin rolu getdikcə artır, o, qlobal, regional, milli təhlükəsizlik, iqtisadi inkişaf və əməkdaşlıq məsələlərində əhəmiyyətli rol oynayır. Davamlı enerji təminatı enerji təhlükəsizliyinin mühüm amilinə çevrilib.
Nazir Azərbaycanın neft-qaz sektoruna müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi üçün təqribən 95 milyard ABŞ dolları həcmində investisiya cəlb edildiyini vurğulayıb: "Ötən il 2 milyardıncı ton neftini hasil edən Azərbaycan tarixən neft-qaz ölkəsi kimi tanınır və qlobal enerji layihələrinin müəllifidir.
Sessiyalarda vergilər naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri İnam Kərimov, maliyyə naziri Samir Şərifov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun çıxışları dinlənilib. Fikir mübadiləsi üçün beynəlxalq foruma Azərbaycan Sənaye Korporasiyası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Yüksək Texnologiyalar Parkı, "AmCham", "Coca-cola", "Microsoft", "Herbalife", "Motorola", "P&G", "SkyPower Global" kimi iri qurumların nümayəndələri cəlb edilib.
Forum çərçivəsində Azərbaycanın əlverişli biznes mühiti, biznes və investisiyaların cəlb olunması üçün atılan addımlar, maliyyə, maliyyə sektoru üzrə perspektivlər, eləcə də, enerji, infrastruktur, vergi, kənd təsərrüfatına aid bir sıra məsələlər müzakirə olunub.