İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Daxili İşlər Nazirliyinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) Müvəqqəti saxlama yerinə həyata keçirilib.
Unikal.org xəbər verir ki, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmini, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, kameralara baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb, mövcud ehtiyaclar öyrənilib.
Başçəkmə zamanı MSY-də yalnız inzibati qaydada həbs edilmiş şəxslər olub, müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması məqsədilə MPQ üzvləri tərəfindən onlar fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib, hər birinə Ombudsmanın səlahiyyətləri izah olunub və hüquqi məsləhətlər verilib.
Başçəkmənin yekununda MSY rəisi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, müraciətlərin göndərilməsi, sənədləşmə, qeydiyyatla bağlı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.
Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.