Mətbuatda İsmayıllı rayonunda manyakın peyda olması barədə müxtəlif məlumatlar yayılıb. Kimliyi bilinməyən şəxs və ya şəxslərin evlərə girərək qadınların alt paltarlarını oğurladığı, həmin paltarları rayon qəbirstanlığında basdırdığı bildirilir. Üzərində kəsici-deşici alət gəzdirdiyi deyilən manyak sakinlərin ciddi narahatçılığına səbəb olub.
Unikal.org-un xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə azvision.az-a açıqlamasında İsmayıllı sakinlərini təşvişə salan manyak barədə yayılan məlumatlara aydınlıq gətirib.
DİN rəsmisi bildirib ki, rayon sakinlərinin narahatlıq keçirməsi üçün heç bir əsaslı səbəb yoxdur. Onun sözlərinə görə, evlərə kiminsə girib oğurluq etməsi və ya camaatı qorxutması barədə rayon polis şöbəsinə ötən gün bir neçə müraciət daxil olub.
"Bir fakt üzrə vətəndaş ərizə verib ki, gecə həyətinə kimsə daxil olub. İsmayıllı rayon sakininin müraciəti əsasında polis əməliyyat qrupu tərəfindən həyətə girən bir nəfər saxlanılıb. Ceyhun Nəcəfov adlı bu insanın ruhi xəstə olduğu məlum olub. İkinci fakt üzrə İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini tərəfindən məlumat daxil olub. Müraciətdə bildirilib ki, həyətə birinci faktda olduğu kimi kimsə girib. Araşdırma nəticəsində məlumat verən Hacıhətəmli kənd sakini Zaur Şirəliyevin özünün sərxoş halda olduğu müəyyən edilib. Məlum olub ki, onun həyətə kiminsə girməsi barədə verdiyi məlumat yalandır. İçkili vəziyyətdə olub. Polisə bilərəkdən doğru olmayan məlumat verilib.
O.Mansurzadə, həmçinin bildirib ki, hər iki fakt üzrə mövcud qanunvericiliyin tələblərinə əsasən saxlanılan şəxslər barədə müvafiq tədbir görülüb.
"Qalan heç bir fakt öz təsdiqini tapmayıb, əsassız informasiayalardır. Ona görə də rayon sakinlərinin ajiotaja düşməsi, səbəbsiz yerə narahatlıq keçirməsinə əsas yoxdur. İsmayıllı rayonunda kriminogen durum tam nəzarətdədir və əməliyyat şəraitinə nəzarət olunur. Heç kim təşvişə düşməsin, narahatlıq keçirməsin.