2008-ci il böhranı yenidən təkrarlana bilər.
Unikal.org "RİA Novosti" agentliyinə istinadən bildirir ki, bunu açıqlamasında "Smith`s Research & Gradings"analitik agentliyinin aparıcı iqtisadçısı Skot Makdonald deyib.
"Nə qədər kədərli olsa da, fakt odur ki, hər zaman növbəti böhran olacaq. Biz yəqin ki, ipoteka banklarının yenidən müflis olmasını görməyəcəyik. Lakin biz külli miqdarda dövlət borcu toplamışıq. ABŞ-la bərabər, Britaniyanın, Yaponiyanın, İtaliyanın suveren borcları artır. Prosesi dayandırmaq mümkün deyil. Bununla bərabər, inkişafda olan bazarlardakı şirkətlər böyük borclara sahibdirlər. Amerika iqtisadiyyatı sürətlə artır, buna görə də müəyyən bir etibar mövcuddur. Lakin bu etibarı silkələmək də mümkündür. Əgər ticarət müharibələri nəzarətdən çıxsa, o zaman FES-in faiz dərəcələrini artırma məsələsində sərtləşdirmə siyasəti maliyyə əldə etmək imkanlarını çətinləşdirəcək. Bu da 2008-ci ilə bənzər yeni böhranın yaranmasına şərait yaradacaq.
Növbəti böhran bir qədər fərqli olacaq. O, böyük ehtimalla, yeni texnologiyalar və bank sistemindən kənar maliyyə müəssisələri ilə bağlı olacaq", - Makdonald bildirib.
Qeyd edək ki, son vaxtlar beynəlxalq ekspertlər yeni böhranın mütləq baş verəcəyi ilə bağlı ardıcıl xəbərdarlıqlar edirlər.(axar.az)