Hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur.
Unikal.org xəbər verir ki, bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib. Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də BakıdaXəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri və "Çıraq yataqları, eləcə də "Günəşli yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında müqavilənin imzalanması ilə bağlıdır.
Təxminən, 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb.
AÇG yatağı altı hasilat platformasından - "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ən müasir texnologiyalarla təchiz edilmiş iki texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir.
"Çıraq" platformasında hasilata 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2005-ci ilin dekabrında, "Şərqi Azəri"də 2006-cı ilin sonunda, "Dərinsulu Günəşli"də 2008-ci ilin aprel ayında,"Qərbi Çıraq" platformasında 2014-cü il yanvarın 28-də başlanıb.
AÇG-də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarlarına ixrac edilir.
2017-ci il Azərbaycanın neft sənayesi üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, sentyabrın 14-də "Azəri, "Çıraq yataqları və "Günəşli yatağının dərinsulu hissəsinin (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.
Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.