Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlətlərin dəmir yolu administrasiya rəhbərlərinin ilk görüşü keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə ölkəmizi müşahidəçi qismində "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Görüşdə "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov çıxış edərək bildirib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir, Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb Nəqliyyat Dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib. Həmin nəqliyyat dəhlizlərinin fəal iştirakçıları məhz Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdir. Azərbaycanın nəqliyyat sisteminin ŞƏT-ə üzv olan dövlətlər ilə əməkdaşlıq şəraitində beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası gücləndirilib.
Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan Cavid Qurbanov bildirib ki, bu marşrut Asiyanı Avropa ilə birləşdirir. İstismara verildiyi 10 ay ərzində bu marşrutla 3000-ə yaxın konteyner və digər təmayüllü vaqonlarda yük daşınıb.
Tədbirdə o da qeyd olunub ki, Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan fəal istifadədə və öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır.
İclasın sonunda müvafiq protokol imzalanıb.
Tədbir iştirakçıları "Mərkəzi Asiya beynəlxalq nəqliyyat dəhlizləri sistemində: strateji perspektivlər və reallaşmamış imkanlar adlı konfransda da iştirak edəcəklər.