Bakının "Sovetski kimi tanınan ərazisində söküntü işləri başa çatdıqdan sonra 2016-cı ilin avqustundan burada yeni yollar çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində bir çox işlər görülür. Hazırda 26 hektar ərazidə yolların salınması və abadlıq işləri aparılır.

Unikal.org xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, uzunluğu 7 kilometrdən çox olan Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması ötən il tam olaraq yekunlaşdırılıb.

A.Nəcəfli qeyd edib ki, Bakı şəhərinin yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin və avtonəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm işlər görülür: "Hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulmuşdu".

O deyib ki, hazırda layihə üzrə 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri aparılır: "Bu çərçivədə Təzəpir məscidi kompleksinin qarşısında 12,9 min kv.m sahədə 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib və hazırda son tamamlanma işləri aparılır. Sözügedən avtodayanacağın üzərində parkın salınması üzrə işlər isə 90% yerinə yetirilib".

Ağentliyin sözçüsü əlavə edib ki, Akademik Milli Dram Teatrının qarşısındakı parkın yenidən qurulması işləri isə 70% yerinə yetirilib:

"Füzuli, Mirzəağa Əliyev və Abdulla Şaiq küçələri üzərindən piyada korpülərinin tikintisi işləri 90% başa çatıb. M.Əliyev və A.Şaiq küçələri arasında olan sahədə parkın tikintisi üzrə torpaq işləri 90%, bitki örtüyü - 70%, suvarma sistemi - 70%, drenaj işləri - 95%, elektrik işləri 55% yerinə yetirilib. Həmçinin parkda ərazi boyunca 670 ədəd ağac əkilib. Hazırda parkın ot örtüyünün salınması işləri aparılır".

A.Nəcəfli bildirib ki, N.Nərimanov prospekti ilə A.Şaiq küçəsinin arasında olan sahədə idman meydançalarının, həmçinin prospektdə yeraltı piyada keçidinin tikintisi üçün hazırlıq işləri aparılır: "Layihənin tam olaraq 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub".