"Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə bu gün saat 8 radələrindən başlayaraq aktivləşib"

Unikal.org xəbər verir ki, bunu "Reporta açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, sürüşmə 10 gün əvvəl başlayıb: "Biz gecədən burdayıq. Sürüşmə bir dəfə, səhər saatlarında baş verib. Sürüşmə təxminən 200 metrdən artıq eni olan bir ərazidir. Torpaq asfalt kütləsinə qədər gəlib çıxıb. Üzərində olan istinad divarının əksər hissəsi çöküb".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Unikal.org-a bildirib ki, sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.

İ.İbrahimova sürüşmənin dinamikasında aktivliyin davam etdiyini də açıqlayıb.