Yeni tikintilərdən mənzil alarkən ən çox qarşılaşılan problemlərdən biri vaxtında təhvil verilməməsidir. Müştəriyə müəyyən tarix deyilir, amma həmin tarixdə nə mənzil hazır olur, nə də alıcı evə köçə bilir. Kirayədə qalıb, evin hazır olmağını gözləyənlər üçün bu təkcə vaxt itkisi deyil, həm də kifayət qədər əlavə xərc deməkdir.
Vətəndaş pul ödəyir, ev alır, amma tikinti vəəd edilən tarixdə yekunlaşmır. Bu cür hallar əksər yeni tikintilərdə vətəndaşların başına gəlir. Bəzi binalarda bir neçə ay, bəzilərində isə hətta illərlə mənzilin təhvil verilməsi yubanır. Hətta tikintisi yarımçıq qalanlar da olur. Ekspertlər belə halları əsasən tikinti şirkətlərinin maliyyə dayanıqlılığının olmaması ilə əlaqələndirirlər.
Yubanmalarla qarşılaşanlar məhkəməyə müraciət edə bilər. Çünki, mənzilin müqavilədə nəzərdə tutulan vaxtda təhvil verilməməsi öhdəliyin pozulmasıdır. Bu isə ev alanın maddi mənəvi çətinliklə üzləşmə riski deməkdir.
Əgər müqavilədə konkret tarix yoxdursa belə, müştəri yenə də məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə öhdəliyin icrası üçün ağlabatan vaxt müəyyən edir. Bu müddət adətən 16 ayla 36 ay arasında dəyişir. Yəni tikinti başlayan gündən bu qədər müddət keçibsə və mənzil təhvil verilməyibsə, müştəriyə kompensasiya ödənilməlidir.