Azərbaycan Dillər Universitetinin (ADU) çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri və Konfutsi İnstitutunun əməkdaşları məşhur çinli alim, Çin Elmlər Akademiyasının Təbiət Elmləri Tarixi İnstitutunun direktoru professor Zhang Baichun ilə görüşüb.
Unikal.org xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov qonağa institutun elmi, tədris və ictimai fəaliyyəti, həmçinin tarixi İpək yolunun dirçəlməsi ilə qlobal əhəmiyyətə malik "Bir kəmər və bir yol Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan araşdırmalar haqqında ətraflı məlumat verib.
Görüşdən məmnunluğunu ifadə edən Zhang Baichun Konfutsi İnstitutunun Çin dili və tədrisi üzrə fəaliyyətini yüksək qiymətləndirib. O, eyni zamanda institutun Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış etmək istiqamətində fəaliyyət göstərdiyini, Azərbaycan və Çin xalqları arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr verdiyini vurğulayıb. Professor Zhang Baichun Çin elminin tarixi və fəlsəfəsi haqqında məruzə ilə çıxış edib. Sonda elm sosiologiyası sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.