Azərbaycan idmanının
dünya miqyasında təşkil olunan beynəlxalq yarışlarda tanınmasında daxili
işlər orqanları əməkdaşlarının da xüsusi payı var. Əldə etdikləri
nailiyyətlərlə daim bayrağımızı dalğalandıran və himnimizi səsləndirən
idmançı polis əməkdaşları bu dəfə də ənənələrinə sadiq qalıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, ABŞ-ın
Florida ştatının Orlando şəhərində pauerliftinq-benç press növü üzrə
keçirilən dünya çempionatında qalib gələn Baş Dövlət Yol Polisi
İdarəsinin, Yol Patrul Xidməti Alayının xüsusi tağımının əməkdaşı, polis
leytenantı Famil Məhərrəmov və komanda yoldaşları ötən gecə Vətənə
qayıdıblar. Onların qarşılanma mərasimində Baş İdarənin əməkdaşları və
digər məsul şəxslər iştirak ediblər.
Yol polisi zabiti pauerliftinq-benç press növü üzrə yarışda birinci yeri tutub. Bundan başqa, həmin idman növü üzrə Azərbaycan yığma komandasının daha dörd üzvü yarışlarda qızıl medala layiq görülüblər.
Qarşılanma mərasimində çıxış edən Baş İdarənin əməkdaşları bu uğurların ölkəmizdə idmanın inkişafına yüksək dövlət qayğısının və mükəmməl maddi-texniki bazanın yaradılmasının nəticəsi olduğunu vurğulayıblar.
Qeyd edək ki, bu, son iki ayda Baş İdarənin əməkdaşlarının idman müxtəlif növlərində qazandıqları üçüncü qızıl medaldır. Cari ildə Yol Patrul Xidmətinin əməkdaşları idmanın ayrı-ayrı növləri üzrə ümumiyyətlə 18 qızıl medal əldə ediblər.