Təlim mərkəzinə icazəsiz daxil olan azyaşlı uşaq ölümdən dönüb. Belinə tros bağlayaraq kanata minən uşaq yerdən hündürlüyü 10-15 metr olan qurğuda ilişib. O, təxminən 1 saat kanatdan asılı vəziyyətdə qalıb.
Unikal.org Xezexeber.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Müşfiq qəsəbəsi yaxınlığındakı təlim mərkəzlərindən birində olub və görüntülər orada lentə alınıb.
Videonu çəkən şəxsin sözlərinə görə, iki azyaşlı uşaq həmin təlim mərkəzinin ərazisinə icazəsiz daxil olublar. Onlardan Kənan Həsənov belinə tros bağlayaraq təlim üçün nəzərdə tutulmuş kanatla bir tərəfdən digər tərəfə keçmək istəyib. Bu zaman azyaşlı kanatın ortasında ilişib qalıb.
O, trosun belini kəsidyini görüb ayağına dolayıb ki, bədəninə zərər dəyməsin. Yerdə olan başqa bir azyaşlı uşaq Kənan Həsənovun təxminən 10 metr hündürlükdə köməksiz vəziyyətdə qaldığını görüb dərhal ''112'' zəng mərkəzinə məlumat verib. Hadisə yerinə xilasedicilər gəlib. Onlar kanatdan sallanan uşağa dərhal kömək etməyə başlayıblar.
Yerdən uşaqa tərəf dəfələrlə kəndir atılsa da Kənan tuta bilməyib. Nəhayət o, xilasedicilər tərəfindən xilas edilib.
Hadisə yerinə təcili yardım da çağırılıb. Həkimlər ayağından xəsarət alan azyaşlıya elə yerindəcə yardım edib.
Uşağın valideyni Mədət Həsənov da əraziyə çağırılaraq azyaşlı uşağı nəzarətsiz qoymamaq tapşırılıb və xəbərdarlıq edilərək onlar sərbəst buraxılıblar.