Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümü münasibətilə Qaradağ rayonunda konfrans keçirilib. 

Unikal.org xəbər verir ki, Qaradağ rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, müasir Azərbaycanın banisi Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev ən çətin tarixi şəraitdə dahi lider kimi Azərbaycanı bütün bəlalardan xilas edib.

İcra Hakimiyyətinin başçısı YAP-ın yaranmasını zərurətdən doğan amil kimi dəyərləndirərək xüsusilə vurğulayıb ki, dövrün təxirəsalınmaz tələbindən və cəmiyyətimizin arzu, istəklərindən yaranan YAP ölkəmizin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib. Süleyman Mikayılov deyib ki, bu gün Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək ölkəmizdə ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi təşkilat yoxdur.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan geniş danışıb. O, daha sonra YAP-ın xalqımız və Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən bəhs edib. Aydın Hüseynov bildirib ki, YAP yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib. Millət vəkilinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Millət vəkili deyib ki, Yeni Azərbaycan Partiyasının 26 illik fəaliyyəti dövründə ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmasını şərtləndirən əsas amillərdən biri məhz ona olan inam, həyata keçirdiyi siyasətə dəstəkdir.

Daha sonra konfransda çıxış edən Ə.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev, SOCAR Metanol ərazi ilk partiya təşkilatının sədri Elnur Bağırov, gənc fəallar Nübar Abbaslı, Seyidməmməd Məmmədzadə və digərləri YAP-ın 26 illik fəaliyyəti dövründə Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlər göstərdiyini, partiyamızın xalqımızın böyük dəstəyi ilə daim inkişaf etdiyini və gələcəyə doğru inamlı addımlarla irəlilədiyini vurğulayıblar.

Tədbirin sonunda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən YAP üzvləri təltif olunublar. Həmçinin, YAP sıralarına yeni qoşulan bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.