Ötən gün Bakıda yol qəzalarında 2 piyada ölüb, daha bir nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 17-də Bakı şəhər sakini Elman Salehovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Hummer H-3 markalı avtomobilin sürücüsü saxlanılıb.
Noyabrın 22-də saat 18 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Maştağa qəsəbə sakini Elvira Əlirzayeva vurulub və o, xəstəxanaya yerləşdirilib. Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin və Xəzər rayon Polis idarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən "VAZ-2106 markalı avtomobilin sürücüsü, Binə qəsəbə sakini Hicran Həsənov olması müəyyən edilərək saxlanılıb.
Noyabrın 22-də saat 6 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən 25-30 yaşlı kişi vurulub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Araşdırmalarla ölən şəxsin Xəzər rayon sakini Nadir Əliyev olması müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov rayon Polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Toyota markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Rəsul Atayev olması müəyyən edilərək saxlanılıb.
Bütün faktlarla bağlı araşdırma aparılır.